QR ödəmələr - nağdsız ödəmələrdə yeni dalğa

QR ödəmələr - nağdsız ödəmələrdə yeni dalğa

QR ödəmələr ödəmə metodlarının son zamanlar geniş yayılmış nümayəndəsidir. Bəs bu sistem necə çalışır?

Texnologiyaların inkişafı bütün sahələrə öz təsirini göstərir. Bank xidmətləri, elektron pulqabılar və s. hər il müştərilərinə daha geniş seçimlər təklif edir. Ölkəmiz də bu prosesdən kənarda qalmır. Təsadüfi deyil ki, hələ 5 il öncə istifadəçiləri nağdsız ödənişlərə təşviq etmək üçün banklar sərfəli təkliflər irəli sürürdü, hazırda isə kartsız, banksız QR ilə ödəmə imkanları yaranıb.

QR ödəmələr ödəmə metodlarının son zamanlar geniş yayılmış nümayəndəsidir. 2011-ci ildə, Çində yaranmış bu ödəmə sistemi Alipay, WeChat kimi platformalarda ən çox istifadə olunan metodlardan biridir. Juniper Research mərkəzinin araşdırmasına görə QR ödənişlərin bazar həcmi 2025-ci il etibarı ilə 3 trilyon dolları aşacaq.

Bəs bu sistem necə çalışır?

Bu sualın cavabı çox sadədir. Ödəmə sizin smartfonunuzdakı tətbiq vasitəsilə gerçəkləşdirilir. QR ödəməni seçdikdən sonra açılan kamera vasitəsilə ödəməni qəbul edənin QR kodunu skan edirsiniz və lazım olan məbləği qeyd edib göndərirsiniz. Təhlükəsiz və sürətli olması QR ödəməni digərlərindən fərqləndirir.

Ölkəmizdə QR ödəmə təklif edən xidmətlər var. Bazarın ilklərindən biri olan Payonix bir müddət istifadəçiləri sərfəli QR ödəmə kampaniyaları ilə sevindirdi. Lakin sonradan bu təkliflərin sayı azaldı və istifadəçilər kartların təklif etdiyi kampaniyalara axın etdi.

2022-ci ildə bu barədə ölkəmizdə böyük inkişaf baş verdi. PashaPay şirkəti m10 tətbiqini istifadəçilərə təqdim etdi. Bütün ödənişlərdə 2% keşbeklə sağlam bir təklif gətirən m10 qısa müddətdə 1 milyon qeydiyyat sayına çatdı və bazarın yeni texnologiyaya hazır olduğunu göstərdi. m10 pulqabısı vasitəsilə gündəlik onlayn ödənişləri və artan mağazalar şəbəkələrində alış-veriş etmək mümkündür.

QR ödənişlərlə maraqlananlar bilir ki, hazırda bu üsulla bir çox keşbek qazanmaq və zaman itirmədən ödəniş etmək olar. Odur ki, hər keçən gün istifadəçilərin sayı artır. Əgər istifadə etmirsinizsə, elə indi sizin üçün ən sərfəlisini seçib, qoşularaq imkanlardan faydalana bilərsiniz.

 

mənbə: tech.az/

06.02.2023

Tags: nağdsız ödənişlər , nağdsız , qr , qr kod , ödəniş ,